xezerpress.az
xezerpress.az

Tovuzda "Falçı Fazil"in "rəngli saz"ı, yoxsa "səs-küylü" pazı!"

339 dəfə baxılıb 13-05-2019, 23:04

Tovuzda "Falçı Fazil"in "rəngli saz"ı, yoxsa "səs-küylü" pazı!"



"Quran ilə fala baxanlar, falçılar, ekstrasenslər, cadugərlər hamısı saxtakar insanlardır!"

Bu şəxs mücərrəd açıqlamalarla, dumanlı vədlərlə, xurafatla və s-lərlə müştərilərinə uzun-uzadı “yağlı vədlər” verir və yeri gəldikdə onları çaş-baş salmağı da bacarır

Bu gün bəzi bölgələrdə, ayrı-ayrı şəhər və rayonlarda, kənd və qəsəbələrdə elə öncədəngörənlər, falçılar və s-lər var ki, həmin şəxslər hüzuruna gələn müştərilərinə kart açmaqla, “tas qurmaq”la, müqəddəs “Quran kitabı”na baxmaqla, bir sözlə minbir “oyun qaydaları” oynamaqla, məhz onlara “yağlı vədlər”ini verirlər. Amma onu dərk etmirlər ki, öz-özlüyündə bu cür əməllər o böyük Allah-Təalanın qarşısında qol qoyulan günah işlərdir. Həmin şəxslər belə bir addımlarını atmaqla hansısa məqsədini, hansısa marağını təmin etməyə çalışırlar. Bu gün Tovuz rayonunun Əlimərdanlı kəndində falçılıqla məşğul olan və hər kəsin “Falçı Fazil” adı ilə tanıdığı şəxs də, məhz belə bir əməl sahiblərindəndir. Adı çəkilən bu şəxsi tanıyanlar iddia edirlər ki, bu gün “Falçı Fazil” minbir hoqqalarla məşğul olur, çox zaman kimlərisə hansısa problemlərlə üz-üzə qoyur, kimlərinsə olmazın müsibətlərlə üz-üzə qalmalarına şərait də yaradır. Baxmayaraq ki, belə bir çirkin əməllərlə məşğul olmaq bütün dinlər tərəfindən qadağan olunub. Amma, adı çəkilən bu şəxs hələ də dinin belə bir tələblərinə məhəl qoymur və daha çox var-dövlət əldə etmək məqsədilə düşünüb-daşındığı addımlarını atmaqda davam edir.

Hal-hazırda “Falçı Fazil” adı ilə tanınan bu şəxsi çox böyük çevrə tanıyır və tanıyanlar da onunla bağlı lazımi məlumatlara malikdirlər. Amma, hər kəsi incidən, hər kəsi narahat edən bəzi nüanslar var ki, həmin nüanslar da, adı çəkilən bu şəxsin bir çox KİV nümayəndələrinə qarşı sərgilədiyi münasibətin varlığıdır. Tutaq ki, hansısa media nümayəndəsi bu şəxslə görüşüb barəsində eşitdiyi müəyyən məlumatlara aydınlıq gətirmək istəyir, o halda o, həmin şəxslə görüşmək, məsələlərə öz münasibətini bildirmək əvəzinə, həmin şəxsə “buynuz” göstərir. Məsələn, bir-iki gün bundan öncə “Falçı Fazil”lə əlaqə saxladıqda o, israrla bildirdi ki, “Mən hal-hazırda ölkə xaricindəyəm, qaynənən dünyasını dəyişdi, mən heç imkan edib onun yas mərasimində iştirak edə bilmədim” desə də, çox keçmədi ki, onun bu yöndə danışdıqları “faş oldu”. Çünki, kənar şəxslər vasitəsilə dəqiqləşdirə bildik ki, “Falçı Fazil” bizimlə danışdığı gün Tovuz rayonunda olub. Elə ki, adı çəkilən bu şəxs hansısa səbəb üzündən çıxılmaz duruma düşür, o halda o, hansısa KİV nümayəndəsi ilə kənar ünvanda görüşür və əldə etdiyimiz məlumatlara görə, o, ona pul-para da təklif edir. Belə bir addımını atmaqda bu şəxsin əsas məqsədi o olur ki, qol qoyduğu fırıldaq əməllərinin ictimailəşməsinin qarşısını ala bilsin. Yəni, o, üstüörtülü şəkildə olsa belə, “mən sizə hörmət etdim, siz də mənim fırıldaq əməllərimə göz yumun” demək istəyir.

Bundan əlavə, o da hər kəsə bəllidir ki, “Falçı Fazil” adı ilə tanınan bu şəxsin əməllərində çox zaman cinayət tərkibli addımlar olur və həmin addımlar da, yalnız hüquqi müstəvidə araşdırıla bilər. Çünki bildiyimizə görə, bugünkü Qanunvericilik adı çəkilən şəxsin və ya şəxslərin, məhz belə bir fəaliyyət növü ilə məşğul olmalarını qəti şəkildə qadağan edir. Söylənilənlərə görə, bu şəxs təkcə Tovuz rayonu ərazisində yaşayanları deyil, hətta ətraf ərazilərdən hüzuruna gələn hər kəsi çox ustalıqla “tora salmağı” bacarır. Məsələn, redaksiyamıza çatdırılan məlumatlara görə bu şəxs təqribən bir-iki il bundan öncə Qazax rayonunun Şıxlı kəndində yaşayan sakindən təqribən dörd-beş min manat məbləğində “haqq-hesab” alır və həmin şəxsə hansısa problemini həll etmək yöndə də “yağlı vəd”ini verir. Elə ki, vaxt tamam olur, o halda nəyəsə nail olmaq mümkün olmur. Çox keçmir ki, aldadıldığını hiss edən həmin kənd sakini “Falçı Fazil”ldən, məhz ona verdiyi pulları geri qaytarmasını tələb edir. Amma, əldə etdiyimiz səhih məlumatlara görə, həmin şəxs hələ də falçılıqla məşğul olan bu şəxsdən pularını geri ala bilməyib. Bu gün isə əldə etdiyimiz bəzi məlumatlara görə, kənd sakini getgəldən yorulub və “Falçı Fazil”dən verdiyi pulların geri qaytarılmasının müşkül məsələ olduğunu dərk etdiyindən, artıq fikirindən “vaz keçmək” qərarına gəlib. Düzdür, belə bir informasiyanı açıqladıq, amma bu məsələ ilə bağlı tam dəqiq məlumatlara malik deyilik. Hal-hazırda tərəfimizdən bu yöndə müəyyən araşdırmalar aparırıq, tam dəqiqləşdirilmiş məlumatlar əldə etdikdən sonra, bir daha yaşanan olayın ictimailəşdirilməsinə çalışacağıq.

Əksəriyyətin iddiasına görə, “Falçı Fazil” hüzuruna gələn müştərilərindən əldə etdiyi “haqq-hesab”ların müqabilində, onlara gələcəklə bağlı “bildikləri”ni mərhələ-mərhələ çatdırır və belə bir addımlarını atmaqla, məhz onlardan bacardığı qədər daha çox “haqq-hesab” əldə edir. Məsələn, bu şəxs mücərrəd açıqlamalarla, dumanlı vədlərlə, xurafatla və s-lərlə müştərilərinə uzun-uzadı “yağlı vədlər” verir və yeri gəldikdə onları çaş-baş salmağı da bacarır. Əldə etdiyimiz bəzi məlumatlara görə, bu şəxsin atdığı belə bir addımlarla bağlı, bir kimsə ona “qaşın üstə qara var” deyə bilmir. Buna da səbəb, deyəsən adı çəkilən bu şəxsin əraziyə nəzarət edən hüquq-mühafizə orqanı əməkdaşları ilə “dil tapmağı” bacarmasıdır.

Bütün bunlar qalsın bir yana, bu gün özlərini müəyyən çevrədə jurnalist elan edən, amma bir kimsənin heç bir halda qəbul etmədiyi elə şəxslər də var ki, onlar belə bir məsələlərdə sanki “qladiator” rolunu oynayıb, “Falçı Fazil”in atdığı hər cür çirkin əməllərə haqq qazandırmağı və s. bir növ özləri üçün şərəf bilirlər. Amma, o halın varlığını unudurlar ki, bu şəxsin fırıldaq əməllərinə göz yummaq, onu müdafiə etmək əslində “şeytan”ı müdafiə etmək kimi bir şeydir. Çünki, əldə etdiyimiz bəzi məlumatlara görə, Tovuz rayonunda bu şəxsin əməllərinə qarşı artıq kütləvi narazılıq hissi baş qaldırmaqdadır. Ola bilər ki, yerli sakinlər “Falçı Fazil”lə bağlı lazımi addımların atılması üçün yekdil qərara da gəlsinlər. Sözsüz ki, bu bizim gəldiyimiz qənaət, ümumi söz-söhbətlər zamanı düşüncələrimizdə formalaşan fikirlərimizdir. Buna da səbəb, adı çəkilən şəxsin indiyə kimi olmazın oyunları oynamasıdır.

P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə adı çəkilən bu şəxsin kimlərin başına açdığı olmazın oyunlarla bağlı açıqlamalarımızı, onun necə imkanlı şəxsə çevrilməsinin səbəbləri barədə məlumatları və s. sizlərə çatdırmağa çalışacağıq. O halda oxuyub biləcəksiniz ki, “Falçı Fazil” adı ilə tanınan bu şəxs hansı əməllərin sahibidir. Odur ki, bizi izləməyi unutmayın.

********************

Cinayət Məcəlləsinin dələduzluqla (Falçılıqla )bağlı maddəsi 

Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xüsusilə mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə  12 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hazırki 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə  3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliyə əsasən, bu əməl baş verdikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur.

178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə görə 1000 manatdan iki min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi