xezerpress.az
xezerpress.az

RAYON RƏHBƏRİ İNFARKT ETDİYİ İCRA NÜMAYƏNDƏSİNİN YERİNƏ «ÖZ STANDARTINA» UYĞUN KADR QOYMAQ İSTƏYİRMİŞ

117 dəfə baxılıb 25-04-2019, 14:09

RAYON RƏHBƏRİ İNFARKT ETDİYİ İCRA NÜMAYƏNDƏSİNİN YERİNƏ «ÖZ STANDARTINA» UYĞUN KADR QOYMAQ İSTƏYİRMİŞ








Ölkə başçısının iradəsi ilə aparılan anti-korrupsiya tədbirləri, habelə rayonlara ayrılan dotasiyaların azaldılması bəzi yerli icra hakimiyyəti başçılarının dövlətə, dövlətçiliyə, Prezidentə sədaqətini sınağa çəkir. Müşahidələr göstərir ki, bu imtahandan çıxmayanlar olacaq. Sahibkarların, ticarətçilərin, sənətkarların, fermerlərin qazandıqlarına əl qoyub onları müflis edən rayon rəhbərləri haram gəlir mənbələri azaldıqca artıq dövlət qulluqçularına, hökumət məmurlarına da təzyiq göstərməyə, onların da necə deyərlər, «qızdırmaya boyun qoymaları üçün ölümündən yapışmağa» başlayıblar. Hərçənd, qızdırma ilə ölüm arasındakı məsafə, gözlə qaş arasındakı qədər yaxındır və bu məsələdə həddi keçmək ehtimalı çox yüksəkdir. Elə Gədəbəyin icra başçısı İbrahim Mustafayev də bu əndazəni aşdığından günaha batıb. «Deryaz.az» saytının oxuculara təqdim etdiyi 5 aprel 2019-cu il tarixli «İcra başçısının əmri icra nümayəndəsinin ölümünə səbəb oldu» sərlövhəli birinci, 10 aprel tarixli «Gədəbəydə “it(iril)miş pencək” məsələsi aktual mövzuya çevrilib» başlıqlı ikinci və 12 aprel tarixli «İcra başçısı ölüm işinə görə PA- na çağırılıb?» adlı üçüncü məqalə sensasiya doğuraraq oxucularımız tərəfindən diqqətlə izlənilir. Ələlxüsus da Gədəbəy rayon sakinləri baş vermiş həmin müəmmalı hadisə ilə əlaqədar yenilikləri saytımızdan öyrənməyə çalışır, üstəlik, özlərinə məlum olan bilgiləri bizimlə bölüşürlər. Gədəbəy Rayon İcra Hakimiyyətinin rəsmiləri aprelin 3-də RİH başçısı İbrahim Mustafayevin qəbulunda ürəktutmadan halı pisləşən, daha sonra elə İcra Hakimiyyətinin binasını tərk etməmiş dünyasını dəyişmiş Qaradağ kənd icra nümayəndəsi Cahangir Qasımovun müəmmalı ölümü ilə bağlı suallarımıza aydınlıq gətirmədilər. Əvvəlki yazılatrda bildirdiyimiz kimi, sual ünvanladığımız vəzifəli şəxslərdən başçının müavini Natiq Nağıyev mücərrəd fikirlər bildirərək cavab verməkdən yayındı. Rayon prokuroru Allahverdi Səfərov isə aparılan araşdırmanın nəticəsi barədə məlumat verəcəyini vəd etsə də, hələ ki xəbər yoxdur. Məlum olduğu kimi, ölüm faktında açıq qalan suallardan biri də mərhumun pencəyinin yoxa çıxmasıdır ki, bu da şübhələrə yol açır — Əcəba, itən pencək özündə başçı ilə nümayəndənin arasında baş verməsi ehtimal olunan insidentin izini daşıya bilərdimi? Bundan başqa, bunca ciddi, gündəmi silkələyən ölüm faktını niyə Baş Prokurorluq deyil, rayon prokurorluğu araşdırır. Axı, rayon rəhbərinin onlara nüfuz etmək, polis rəisi və prokuror barədə yuxarı orqanlarına təqdimat yazmaq səlahiyyətinə malikdir? Bu suallar barədə nə düşündüklərini mərhumun yaxınlarından öyrənməyə çalışdıq. Qardaşı Məmməd Qasımovla telefon əlaqəsi saxladıq. M.Qasımov prokurorla danışdığını, prokurorun ona fakt araşdırıldıqdan sonra hüquqi qiymət veriləcəyini dediyini bildirdi: — Mən başa düşmürəm, fakt ortadadır, hadisə küçədə baş verməyib, meşədə baş verməyib… İcra hakimiyyətinin binasında müşahidə kameraları var, onlarda qeydə alınan videogörüntülərdən bəlli olub ki, rəhmətlik telefonla danışa-danışa girib içəri, köməkçinin yanına. Köməkçiyə başçı tərəfindən çağırıldığını deyib, əvvəlcə kürkünü çıxarıb asıb və kostyumla daxil olub Mustafayevin kabinetinə. On üç dəqiqə söhbətləri davam edib. Çıxanda kurtkanı geyinib, düşüb aşağı. Növbətçiyə özünü pis hiss etdiyini, darıxdığını deyib, kömək istəyib. Halı bəlkə yaxşılaşar deyə üst geyimini əynindən çıxarıblar. Sonra kurtkanı çəkiblər üstünə. Keçinəndə morqa aparıblar. Arxa qapıdan çıxarılanda pencək görünmür, yoxa çıxıb. Hələ ki, heç bir yenilik yoxdu. Başçı ilə görüşüb soruşmuşam. Niyə işdən çıxması barədə ərizəsini aldıqdan sonra təzədən gecə saat 22 radələrində qəbula çağırıb. Deyir dedim ki, get, işlə. Maraqlıdı, ərizəsi alınandan ölümü ilə nəticələnən qəbuladək keçən on gün ərzində başçının fikrini dəyişməsinə səbəb olan nə baş verib. -Bizim əldə etdiyimiz məlumata görə, Qaradağ kənd sakinləri yaxşı nümayəndə olduğuna görə Cahangir Qasımovun vəzifədə qalması üçün yığışıb icra hakimiyyətinə gediblər və başçıya etirazlarını bildiriblər. Başçı da çağırıb danlayıb ki, niyə camaatı üstümə göndərmisən… -Təbii ki, məhz elə olub. Yoxsa, həyəcan keçirməzdi. -Rəhmətlik son günlərdə niyə qarşısına işdən çıxması barədə ərizəsini yazmaq tələb olunduğu, işdə qalması müqabilində ondan nə istənildiyi haqda evdə heç danışıbmı? -Danışıb. Şəxsən mənə özü demişdi ki, pul istəyirlər, düzəldə bilmirəm. -Nə qədər pul istəyiblər, deməyib? -Üç, ya da dörd min istəyiblər. Başçı özü istəyib, ya başqası? — Kommunal Müəssisələr Kombinatının rəhbəri ilə yaxşı münasibəti vardı. — Rəhmətliyin, yoxsa, başçının? — Cahangirin Əkbər Kazımovla arası yaxşı idi. Kazımovu isə başçı özü ilə Bakıdan gətirib, yaxın, etibar etdiyi adamıdı. — Elə çıxmırmı ki, «dil tapıb» razılaşıbmışlar? Necə düşünürsünüz, əgər razılaşıblarsa, niyə yanına çağırıb əsəbləşdirib? — Onu deyə bilmərəm. Yəqin, söhbətdə nəsə natamam olub. — Qardaşınız dövlət qulluqçusu idi və iş üstündə vəfat etdiyindən, səhv etmirəmsə, sığorta üzrə ailəsinə müavinət ödənməlidi. -Elədir. Bu barədə yalnız mən söz saldıqdan sonra nəsə danışmağa başlayıblar. Təkcə mərhumun yaxınları deyil, bu mövzuda yazılarımızı izləyən digər Gədəbəy sakinləri də redaksiyamıza zəng vuraraq rayon rəhbərinin yarıtmaz idarəçiliyindən gileylənirlər. Adının çəkilməsini istəməyən rayon sakini telefon söhbətində bunları dedi: «Qədrini bilmədiyimiz Ramiz Yediyarov heç olmasa, bir az abadlıq işləri gördürmüşdü. İbrahim Mustafayev iş başına keçəndən daşı daş üstə qoymayıb, köhnədən qurulanı da dağıdıb. Ancaq özünü reklam eləməknən məşğuldu. «Lider» telekanalında İbrahim Mustafayevi tərifləyən meyxana şousu düzənlənib. Hər il Gədəbəy şəhərinin abadlığına, quruculuq işlərinin görülməsinə ayrılan, Kommunal Müəssisələr Kombinatının ixtiyarına verilən vəsait hara gedir — bilinmir…» Bir başqa vətəndaş isə bunları söylədi: «İbrahim Mustafayev Gədəbəyə rəhbər vəzifəyə təzə gəldiyində ilk əvvəl özünü göstərməyə, əhali ilə, ictimaiyyətlə xoş rəftar etməyə çalışsa da, sonradan sərtləşdi. Həm də bu sərtlik iş tələbi deyil, başqa məsələlərə dair sərtlikdi. Guya əhalinin rifahının yaxşılaşmasına, rayonun abadlığına yönəlik islahatlara başlasa da, iyirmidən çox səriştəli məmuru, şərəfli insanı vəzifədən çıxararaq yerinə yarıtmaz kadrları, vaxtilə rüşvət üstündə işdən qovulmuş adamları təyin etdi. Elə rəhmətlik Cahangir Qasımovun da yerinə «öz standartlarına» uyğun gələn adamı, vaxtilə Xar-xar kənd icra nümayəndəsi işləmiş, keçmiş başçının vaxtında işinin öhdəsindən gələ bilmədiyi və ciddi qanun pozuntularına yol verdiyi üçün kənd sakinlərin haqlı etirazı nəticəsində işdən qovulmuş ikinci qrup əlil Pərviz Hüseyinovu təyin edibmiş. » Xatırladaq ki, eyni mövzu ilə əlaqədar başqa saytlarda da yazılar getsə də, Gədəbəy RİH başçısının «elçiləri» həmin saytlardan yazıları yığışdırmağa müvəffəq olmuşlar. Bizim yazıları da sildirmək üçün etdikləri cəhdləri uğursuz alındı. Çünki, söhbətin insan ölümündən getdiyi halda vicdanlı jurnalist üçün bu mücadilədən geri durmaq ölümün səbəbkarları ilə eyni günaha şərik olmaq deməkdi. Elə həmin ərəfədə feyzbuk sosial şəbəkəsindəki «dostlarımızdan» biri belə bir informasiya paylaşdı ki, bəs Gədəbəy RİH «qara siyahı»da olan 2 saytı şantaj və reketçilik əməllərinə görə məhkəməyə verib. Qeyd edək ki, həmin «dostumuzun» qardaşı Gədəbəy rayonunun ərazi vahidlərindən birində icra nümayəndəsi işləyir ki, bu da «diqqətəlayiq» məsələdir.
Ümid edirik ki,bu müəmmalı ölüm işində günahı olanlar layiqli cəzalarını alacaqlar.

Suallarımıza adları keçən şəxslər aydınlıq gətirməsələr də,inanırıq ki,Baş Prokurorluğa və Prezident Admnistrasiyasına ünvanladığımız müraciətə cavab verən tapılacaq.

Mövzuya qayıdacağıq

Adları keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.


RAYON RƏHBƏRİ İNFARKT ETDİYİ İCRA NÜMAYƏNDƏSİNİN YERİNƏ «ÖZ STANDARTINA» UYĞUN KADR QOYMAQ İSTƏYİRMİŞRAYON RƏHBƏRİ İNFARKT ETDİYİ İCRA NÜMAYƏNDƏSİNİN YERİNƏ «ÖZ STANDARTINA» UYĞUN KADR QOYMAQ İSTƏYİRMİŞ


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi